Azərbaycanın ən savadlı riyaziyyat müəllimlərindən biri olan Məhərrəm Quliyev vəfat etmişdir. xocalininsesi.info xəbər verir ki, Quliyev Məhərrəm Ənvər oğlu, 1952-ci il aprel ayının 7-də Xocalı rayonunun Kosalar kənd nümayəndəliyinə daxil olan Cavadlar kəndində anadan olmuşdur. 1959-67-ci illərdə Kosalar kənd 8 illik məktəbində oxumuşdur. 1967-69-cu illərdə Xankəndi şəhər 4 saylı məktəbində təhsilini davam etdirmişdir. 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olmuş, 1973-cü ildə həmin institutu bitirmişdir. 1973-cü il may ayının 5-dən 2021-ci ilin iyun ayının 14-dək Kosalar kənd orta məktəbində müəllim işləyib. 1978-ci ildə “Sosializm yarışının qalibi” döş nişanı və 2003-cü ildə Təhsil Nazirliyi tərəfindən keçirilən “ilin ən yaxşı müəllimi” müsabiqəsinin 1-ci dərəcəli diplomunu almışdır. 1990-1994-cü illərdə Xocalı rayon Təhsil şöbəsində inspektor vəzifəsində işləmişdir. Məhərrəm müəllim 2005-ci ildən, Azərbaycanın “Maraq və məntiq” cəmiyyətinin üzvü olub. Eyni adlı jurnalın 2011-ci ildə keçirdiyi müsabiqədə 1-ci yeri tutmuşdur. Bir çox mətbu orqanlarda riyaziyyata aid elmi məqalələrlə çıxış etmişdir. Gəncə Dövlət Universitetinin jurnallrında ”riyazi nəzəriyyələr, onların tətbiqi və tədrisi sahəsində olan problemlər”, Qədim məsələlər və onların orta məktəbdə riyaziyyatın tədrisində əhəmiyyəti”, “Pifaqor teoreminin sələfləri” məqalələri ilə çıxış etmişdir. Bu yorulmaz fəaliyyəti nəticəsində 2011-ci ildə Məlik Baxış və Cəbrayıl Otuziki ilə birgə Məhərrəm müəllimin həmmüəllifi olduğu “Qədim məsələlər” adlı kitabı işıq üzü görmüşdür. Məlik müəllimlə birgə “Məntiqi məsələlər” adlı daha bir kitabı çap olunmuşdur. Qocaman müəllim 2021-ci ilin iyun ayının 4-də doğma məktəbi olan Xocalı rayonunun Kosalar kənd tam orta məktəbindən yaşa görə təqaüdə çıxmışdır. Ancaq amansız xəstəliklər onu rahat buraxmadı. Mehriban, xoşxasiyyət müəllim olan Məhərrəm Quliyev ömrünün 70-ci ilində haqqın dərgahına qovuşdu. Məhhərrəm Quliyevin zəhmətini, fədakar əməyini adları yüksək vəzifələrdən gələn şagirdləri heç vaxt unutmayacaqlar. Allah rəhmət eləsin.